06.09.2025 08:23

“İnşaatda Effektiv Planlama” Təlimi - AzMİU

23 aprel 2025-ci il tarixində Ayazoghlu Academy tərəfindən növbəti uğurlu təlim təşkil olundu. Bu dəfəki təlim “İnşaatda Effektiv Planlama” mövzusuna həsr edilmişdi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dəstəyi ilə həyata keçirildi. Tədbirin təşkilatçısı fakültənin dekanı, dosent Sahib Fərzəliyev, təlimçi isə akademiyamızın müəllimi və peşəkar mütəxəssis Seylan Dəmirov oldu.

İnteraktiv şəkildə keçirilən təlim zamanı iştirakçılar inşaat layihələrində planlama prosesinin vacib mərhələləri ilə tanış oldular. Təlimdə:

  • inşaatda effektiv planlamanın əsas prinsipləri,

  • qarşıya çıxan tipik çətinliklər və onların həlli yolları,

  • layihələrin vaxtında və keyfiyyətli icrasına yönəlmiş metodlar ətraflı şəkildə izah edildi.

Mövzunun həm nəzəri, həm də praktiki tərəflərinin təqdim edilməsi tələbələrə gələcək karyeralarında tətbiq edə biləcəkləri biliklər qazandırdı.

Təlim prosesində tələbələr suallar vermək, fikir mübadiləsi aparmaq və real nümunələr üzərində müzakirələr aparmaq imkanı əldə etdilər. Bu isə onların mövzunu daha dərindən qavramasına və biliklərini praktik baxımdan gücləndirməsinə şərait yaratdı.

Tədbirin sonunda təlimdə fəallıq göstərən tələbələr sertifikatlarla təltif olundular. Bu, onların bilik və bacarıqlarının rəsmi şəkildə təsdiqi olmaqla yanaşı, gələcəkdə peşəkar fəaliyyətlərində əlavə üstünlük qazandıracaq.

Ayazoghlu Academy olaraq inanırıq ki, bu kimi təlimlər gənc mütəxəssislərin peşəkar inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. “İnşaatda Effektiv Planlama” mövzusu ilə bağlı keçirilən tədbir də tələbələrin nəzəri biliklərini praktik mühitdə möhkəmləndirməsi və real iş həyatı üçün daha hazırlıqlı olmaları istiqamətində mühüm addım oldu.